Yapon dili öyrənənlər üçün növbəti 30 yaşlı müsahibimiz Əsgərov Hüseyn, Kyoto universitetinin məzunudur. Onun yapon dilində əldə etdiyi uğuru, elə öz dilindən oxuyaq:

Onun haqqında qısa məlumat:

Əsgərov Hüseyn (30 yaş) Azərbaycan Texniki Universitetinin Elektronika (magistr) üzrə məzunuyam. Bakıda 5 ildən çox iş təcrübəsinə malikəm, əsasən bank sektorunda çalışmışam. 2017-ci ildə Yaponiyanın MEXT təqaüdünü qazanaraq, 2018-ci ildə Yaponiyanın Kyoto şəhərinə Kyoto Universitetində magistr təhsili almaq üçün köçmüşəm. 2020-ci ilin sentyabr ayında isə Kyoto Universitetinin məzunu olduqdan sonra oktyabr ayında Osaka şəhərində yerləşən İT şirkətində “Xarici bazarda partnyor şəbəkəsinin inkişafı və Xarici bazarda Yapon İT məhsullarının yayılması və satışı” üzrə mütəxəssisi olaraq çalışıram.


1. Yapon dili öyrənməyə başlayanda ilk çətinliyin nə olub?

Yapon dilini öyrənməyə başlayarkən, hər hansı xüsusi bir çətinliyim olmamışdı. Yapon dilinin qrammatik strukturu, cümlələrin quruluşu və bir çox digər aspektlər Azərbaycan və Türk dillərinə çox bənzədiyi üçün, düşünürəm ki tək mənim deyil, digər bir çox azərbaycanlılar üçün yapon dilini öyrənmək elə də çətin olmamalıdır.
Lakin yapon dilinin bir xüsusiyyəti var ki, müəyyən qrammatik qaydaların və söz birləşmələrinin heç bir izahı yoxdur. Yəni illərlə və tarix boyu formalaşmış söz birləşmələridir və ya qrammatik strukturlardır ki, yaponların özləri belə bunu dəqiq izah edə bilmirlər və özləri də tez-tez səhvlərə yol verirlər. Bu kimi strukturlar və söz birləşmələr, yapon dilini öyrənərkən mütəmadi olaraq qarşınıza çıxacaq. Düşünməyin ki, hər bir qayda və söz birləşməsinin izahını tapa biləcəksiniz. Bəzi strukturları və söz birləşmələrini sadəcə əzbərləmək lazımdır.


2. Ətrafının yapon dili öyrəndiyini biləndə reaksiyası necə olub?

Bir çox insanlar düşünür ki, yapon dilini öyrənmək olduqca çətindir. Bu səbəbdən yapon dilini öyrənməyə başladığımda bu bir çox insanlarda, xüsusən iş yoldaşlarımın arasında xeyli maraq yaratmışdı.


3. Sizə görə yapon dili bilməyin faydaları nələrdir?

Düşünmürəm ki, yapon dilini bilməyin xüsusi bir böyük faydası ola bilər. İngilis dilini və ya dünya miqyasında daha çox istifadə olunan dili bilməyiniz gələcəkdə quracağınız karyera üçün daha faydalıdır. Lakin yapon dilini bilsəniz, sadəcə olaraq özgüvən hissiniz yüksələcək ki, belə bir dili mükəmməl səviyyədə bilirsiniz. Təəssüflər olsun ki, yapon dili dünya miqyasında bir o qədər də istifadə olunmur. Yaponiya bazarı da demək olar ki, xeyli qapalı bir bazardır və şəxsi müşahidələrimdən tam əminliklə deyə bilərəm ki, əksər yaponlar və yapon şirkətləri xarici bazar ilə işləmək istəmir (təbii ki, nəhəng yapon şirkətləri istisnadır). Azərbaycanda və xaricdə yapon dili tələb edən iş təklifləri də olduqca azdır.
Şəxsən mənim yapon dilini öyrənməyimin səbəbi, yapon mədəniyyətinə böyük marağımın olması və yapon dilinə olan sevgim idi. Dil olaraq yapon dili çox gözəl və səliqəli səslənir (yerli ləhçələr və vulqar ifadələr istifadə olunmadığı təqdirdə).

4. Kaş ki yapon dilini daha çox bilərdim dediyin an olubmu?

Hal-hazırda yapon dilini kifayət qədər yüksək səviyyədə bildiyim üçün belə bir hiss keçirmirəm. Lakin dili öyrənməyə başlayan vaxtlarda bəzən olurdu ki, belə bir hiss keçirim.


5. Yapon dilində hansı səviyyədə olduğun zaman öz-özünə “yapon dilini yaxşı bilirəm” demisən?

Yapon dili bacarıq imtahanında JLPT N2 səviyyəsi üzrə sertifikat aldığım zaman.

Kyoto Universitetindən məzun günüm

6. Yapon dilində tərcümə ilə məşğul olmaq daha rahatdır yoxsa sadəcə dilin istifadəçisi olmaq?

Mənim üçün hər ikisi rahatdır. Təbii ki, rahat olması üçün kifayət qədər təcrübə yığmağım vacib idi. Uzun müddət Yaponiyada olarkən və Yaponiyaya gəlməzdən öncə müxtəlif tərcümə işləri və digər yapon dili tələb edilən işlərlə məşğul olaraq təcrübə qazanmış oldum.

7. Sənə görə sadəcə yapon dili bilməyin dezavantajları nələrdir?

Bir azərbaycanlı üçün xarici dil olaraq təkcə yapon dili bilməyin əsas mənfi tərəfi odur ki, xarici dil olaraq ancaq yapon dili bilməkdir. Azərbaycanda yaşayan hər kəsin ən azından 3 xarici dil öyrənmək şansı var: rus, türk və ingilis dili. Xarici ölkələrlə müqayisə etdiyimiz zaman Azərbaycanda çox maddi xərc olmadan bu üç dili rahat öyrənmək olar. İngilis və rus dilini isə təmənnasız məktəbdə və universitetdə öyrənmək mümkündür. Bu səbəbdən hamıya məsləhət görürəm ki, tənbəllik etməyin, xarici dil öyrənin. İnanın mənə, bir azərbaycanlı üçün bu üç dili öyrənmək elə də çətin olmamalıdır, ən azından ona görə ki, biz bu üç dili gündəlik olaraq eşidirik və öyrənmək üçün maddi xərc tələb etməyən resurslar da az deyil. Məsələn, Youtube və digər pulsuz saytları istifadə etməklə rahatlıqla dil öyrənmək mümkündür. Yaponlar adətən yapon dilindən başqa heç bir xarici dil bilmirlər və üstəlik xarici dili öyrənmək qabiliyyətləri olduqca zəifdir. Hətta ingilis dilini çox böyük əziyyət və çətinliklə öyrənə bilirlər. Bir xarici olaraq Yaponiyaya gəlsəniz və təkcə yapon dili bilsəniz, inanın ki, sizin gələcək imkanlarınız o qədər də geniş olmayacaq karyera və təhsil baxımından. Gəlin belə bir misal gətirək: Bir yapon şirkəti tərəfindən elan edilmiş vakansiyaya 5 nəfər müraciət edir, bunlardan biri yapon dilində N1 səviyyəsində bilən xarici və digər 4 namizəd isə yapondur. Bir xarici yapon dilini nə qədər mükəmməl bilsə də, yenə də dil daşıyıcısı ilə müqayisə oluna bilməz. Bu halda şirkət heç bir halda yapon namizədləri qoyub xarici namizədi işə götürməyəcək. Çünki bu məntiqsizdir, xarici üçün ilk öncə visa prosedurları və digər vaxt tələb edən prosedurlar tələb olunur, həmçinin müştərilərlə ünsiyyət zamanı da bir xarici heç vaxt dil daşıyıcısı olan bir yapon qədər səlis və mükəmməl nəzakət dili (keigo) istifadə edə bilməyəcək. Lakin ingilis və əlavə digər bir dil bilsəniz, bu sizə ancaq böyük bir plus olacaq, çünki bu hallarda siz yapon namizədlərindən bir neçə pillə üstün insan resursu hesab olunacaqsınız. Çünki əlavə dil biliyiniz var və şirkət üçün xarici bazara giriş və xarici müştərilər ilə iş qurmaqda yardımçı ola bilərsiniz. Dil biliyindən əlavə olaraq müəyyən bacarıq, biliyə malik olmanızı da məsləhət görərdim. İT bilikləri və yaxud qrafik dizayner və s. Belə bir halda sizi orta statistik yapon namizədi və xarici namizədlərdən müsbət istiqamətdə fərqlənəcəksiniz. Bununla yanaşı, Yaponiyada həddindən artıq çox qara şirkətlər adlanan (Black companies) şirkətlər vardır ki, onlar çox az maaş ödəyərək iş saatlarından artıq işləməyə məcbur edirlər, həmçinin belə şirkətlərin bazardakı imici və reytinqi çox mənfidir. Bu kimi şirkətlərin digər qanunsuz və digər mənfi hərəkətləri də olur. Bu kimi şirkətlər yalnız yapon dili bilən xarici namizədlərə iş təklif edə bilər, çünki aydın məsələdir ki, yapon namizədlər bu kimi şirkətlərə o qədər də iş üçün müraciət etmir. Bu kimi qara şirkətlərin arasında hamımızın tanıdığı nəhəng şirkətlər də vardır. Əgər məqsədiniz bu kimi şirkətlərdə işləməkdirsə, o zaman təbii ki tək yapon dili biliyi ilə bu kimi qara şirkətlərdə iş tapa bilərsiniz. Lakin bunun hər hansı sizə bir faydası olacaqmı? Cavabı düşünürəm ki, özünüz bildiniz. Və bunu da unutmayın ki, yapon dili dünya miqyasında bir o qədər də tələbatı yüksək deyil və gələcək baxımından ən azından ingilis dilini bilmək vacibdir.


8. Yapon dili bildiyinə görə səndən ən çox nəyi xahiş edirlər?

Yapon dili bildiyimə görə məndən tez-tez heroqlif ilə yazılan müxtəlif mənasız tatuların və ya animelərdən olan ifadələrin mənasını soruşurlar.


9. Yapon dilində olmasını istəmədiyin qaydalar nələrdir? Sənə görə onları öyrənmək dildən bezdirir.

Yapon dilində ən sevmədiyim məqam, nəzakətli üslub olan keiqodur. “Keiqo” demək olar ki, yapon dilinin içində tam ayrı bir qoldur ki, müxtəlif vəziyyətlərdə həmsöhbətinin cəmiyyətdəki yeri, vəzifəsi, statusundan asılı olaraq özünü o şəxsən aşağı pillə və ya yuxarı pilləyə qoyaraq söz birləşmələrini və işlətdiyin cümlə üslublarına diqqət yetirərək istifadə etməkdir. Düşünürəm ki, 21-ci əsrdə insanı maddi vəziyyəti, vəzifəsi və bu kimi məqamlara görə ayırmaq və buna görə özünü aşağı pillədə olan biri kimi aparmaq sadəcə absurd və gülməlidir. Həmçinin “keiqo” bir çox hallarda sadəcə yaltaqlıq üçün istifadə olunur. Bu səbəbdən keiqonun yapon dilində olmamasını istəyərdim.

10. Yapon dilində ən sevdiyin söz, heroqlif hansılardır?

Hal-hazırda yapon dilində sevdiyim xüsusi söz yoxdur. Lakin dili öyrənməyə başladığım zaman “murasaki” heroqlifini və sözünü, “şi” heroqlifini və sözünü sevirdim.

11. Yapon dilində gözəl səslənən və bizim dildə də olmasını istədiyin sözlər və ya ifadələr varmı?

Yapon dilinin sözlərinin Azərbaycan dilinə daxil olmasını istəməzdim. Hər iki dilin özünə məxsus gözəlliyi və xüsusiyyətləri var ki, gəlmə sözlərlə qarışdırmamaq daha yaxşı olar.


12. Yapon dilində danışanda ən çox nəyə fikir verirsən? Düzgün tələffüz etməyə yoxsa düzgün qrammatik danışmağa?

Dil daşıyıcısı kimi səslənməyim üçün sözlərin tələffüsünə diqqət yetirirəm. Qrammatikanın isə ancaq baza strukturlarına diqqət yetirirəm, çünki çətin, kompleks qrammatik strukturları yaponların böyük əksəriyyəti belə səhv istifadə edir və özləri də etiraf edir. Mən düşünürəm ki, yaponlar öz aralarında danışarkən qrammatik qaydalara bir o qədər də önəm yetirmirlər və artıq avtomatik əzbərləmiş ifadələrdən və cümlə strukturlarından istifadə edirlər. Bir məsələyə bir çox yapon tamamilə eyni formada reaksiya verir və həmin an istifadə etdikləri sözlər, ifadələr, cümlələr demək olar ki, eynidir. Sanki hazır frazanı hamı əzbərləyib və eyni situasiya yarandığı zaman hamı ancaq bu frazadan istifadə etməlidir. Fərdlərin yapon dili istifadəsində fərqlilik elə də hiss olunmur. Düşünürəm ki, burada yaponların qrup psixologiyasına əsaslanan dünya baxışı və həyat tərzi də rol oynayıb. Yaponlar bacardıqları qədər digərlərindən fərqlənməməyə, gözə çarpmamağa çalışır. Hamı ilə eyni, birgə hərəkət etməyi və qərar verməyi sevirlər.


13. JLPT sertifikatını almaq vacibdir? JLPT hazırlaşmaq daha sərfəlidir yoxsa sadəcə dili öyrənmək?

Şübhəsiz vacibdir. Lakin N5 və N4 yox, ən azı N3-dən başlayaraq JLPT imtahanından keçmək yapon dili öyrənən üçün çox vacibdir. Hətta deyərdim ki, JLPT N1 aldıqdan sonra düşünməyin ki artıq yapon dili öyrənməyiniz burada bitdi.

14. Yapon dili öyrəndikdən sonra xarakterində, həyata baxışında və ya həyatında nələr dəyişdi?

Xasiyyətimdə və həyata baxışımda heç bir dəyişiklik olmayıb. Həyatımda dəyişiklik yaşadım. Yaponiyaya gələrək burada ikinci ali təhsilimi müvəffəqiyyətlə bitirdim və Yaponiyanın İT şirkətində işə başladım.

15. Yapon dilində ən çox kiminlə danışırsan?

Yapon dilində ən çox iş yoldaşlarım və münasibətdə olduğum yapon xanım ilə danışıram.

16. Yapon dilini yaxşı bilmək üçün ən azı nə qədər vaxt lazımdır?

Səlis yapon dilində danışmaq, oxumaq və yaponların dediklərini tam olaraq anlaya bilmək üçün ən azı, yəqin ki, 4-5 il tələb olunacaq. Sadə gündəlik mövzularda olan söhbətləri anlamaq və danışmaq üçün 1-2 il kifayət edə bilər.


17. Yaponiyada təhsil və ya iş üçün yapon dilində hansı səviyyədə olmaq vacibdir?

Xaricilər üçün Yaponiyada təhsil əksər hallarda ingilis dilində təklif olunduğu üçün sırf təhsil üçün adətən yapon dili biliyinə ehtiyac yoxdur. Lakin gündəlik həyatın rahat keçməsi, yerli əhali ilə çətinlik olmadan ünsiyyət qura bilmək üçün ən azı JLPT N3 səviyyəsində yapon dilini bilmək vacibdir. Bir daha yapon dili öyrənən namizədlərə qeyd edim ki, bütün güclərini N5 və ya N4 imtahanları üçün deyil, ən azı ilk olaraq N3 səviyyəsi üzrə imtahana sərf etsinlər. Ümumiyyətlə, JLPT N5 və N4 səviyyəsi üzrə imtahanlardan keçməsəniz olar. Şəxsi təcrübəmdən deyə bilərəm ki, bu iki səviyyə üzrə yapon dili biliyi gündəlik həyat üçün kifayət deyil və bu səviyyələr üzrə sertfikatlara nail olmaq elə də böyük göstərici hesab olunmur. İstər Yaponiyada, istərsə də digər ölkələrdə.

Yapon şirkətində işləmək üçün isə başlanğıc olaraq ən azı yaxşı JLPT N2 səviyyəsində yapon dili biliyinə və buna əlavə olaraq, mükəmməl “keiqo” biliyinə sahib olmaq lazımdır. Nəzərə alın ki, yapon dilində həddindən artıq çox terminlər var və hər bir iş sahəsinin özünə məxsus sözləri, söz birləşmələri vardır ki, siz bu sözləri yalnız şirkətə daxil olduqdan sonra öyrənəcəksiniz. Əgər Yaponiyadasınızsa və iş axtarışındasınızsa JLPT N1 səviyyəsi üzrə sertifikatınız olduğu zaman iş axtarışı daha rahat olacaq və ən yüksək səviyyədə yapon dili sertifikatına malik olmanız sizi bir xarici, bir insan resursu olaraq yapon şirkətlərinin gözündə digər namizədlərdən daha üstün tutacaq (digər xarici namizədləri də nəzərdə tuturam).

18. Yapon dilini digər dillərdən fərqli edən nədir?

Yapon dilini digər əksər dillərdən fərqləndirən cəhədlərdən biri, yapon dilinin heca strukturudur. Yapon dilində azərbaycan, rus, ingilis dilində olduğu kimi tək hərf yoxdur və bütün hərflər sait+samit birləşməsi şəklindədir. Məsələn, “ra”, “na”, “ke”, “no” və sairə. Həmçinin yapon dilinin maraqlı məqamlarından biri 3 əlifbasının olmasıdır. Yaponlar çin heroqliflərindən istifadə edir və həmin heroqliflərin əsasında əlavə 2 heca əlifbası yaradıb: hiraqana və katakana əlifbası. Mənim yapon dilində çox sevdiyim məqamlardan biri, yapon dilinin azərbaycan, rus, fars dilləri kimi oxunuşunun və səslənməsinin gözəl olmasıdır. Bir dil kimi yapon dili çox gözəl dildir, istər yazıda, istərsə də danışıqda.


19. Yapon dilini öyrəndiyinə görə peşman olduğun olubmu?

Xeyr, olmayıb.


20. Yapon dili öyrənənlər üçün məsləhətin nədir?

İlk öncə nəzərə alın ki, yapon dilini ciddi şəkildə öyrənmək istəyirsinizsə bunun üçün ən azı, 3 il davamlı zəhmət və vaxt tələb olunur. Həmçinin bu dili öyrənmək səbəbini də özünüz üçün müəyyən edin. Yaponiyada təhsil almaq, yoxsa Yaponiyada işləmək? Yoxsa Azərbaycanda yapon dili tələb olunan işdə işləmək istəyirsiniz? Öyrənmək üçün tələb olunacaq güc, zəhmət və ən əsası dəyərli vaxt, buna dəyərmi? Bəlkə bu qədər vaxt və zəhməti digər bir istiqamətdə istifadə etsəniz sizin üçün daha əlverişli və gələcək üçün faydalı olacaq? Bunları diqqətlə düşünməyinizi məsləhət görürəm. Yapon dili elə bir dildir ki, onu yarımçıq öyrənsəniz və ya sadəcə gündəlik sadə mövzularda söhbət edə bilmək üçün öyrənsəniz, hesab edin ki, dili yüksək səviyyədə bilmirsiniz.


https://jacrazy.me/kurs-haqqinda/

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

<span>%d</span> bloqqer bunu bəyənir: