İlk müsahibimiz Gülşən Ağayeva, 15-ci Bakı Yapon dili natiqlik müsabiqəsinin qalibidir. Eləcə də ,Yapon Fondunun ayırdığı təqaüd hesabına dünya üzrə hər birindən bir nəfər olmaqla 52 ölkədən, 2 həftəlik Osaka şəhərinə getmək şansı əldə edənlərdəndir. JLPT üzrə N1 sertifikatına sahib olan sayılı Azərbaycanlılardan biridir. Onun yapon dilində əldə etdiyi uğuru, elə öz dilindən sizinlə bölüşmək istəyirik:

Gülşən Ağayeva-İsmayılzadə


1. Yapon dili öyrənməyə başlayanda ilk çətinliyin nə olub? 

Həmin dövrdə yapon dili üzrə kurs və tədris vəsaiti tapa bilməməyim.

2. Ətrafının yapon dili öyrəndiyini biləndə reaksiyası necə olub? 

“Niyə?” sualı. Bu qədər dil varkən niyə məhz yapon dili.

3. Sizə görə yapon dili bilməyin faydaları nələrdir? 

Zənnimcə, hər hansı bir dili bilməyin bir çox faydaları var. Yapon dili bizim bölgədə çox geniş yayılmadığından ona ehtiyac daha çoxdur deyə düşünürəm. Öz təcrübəmdə yapon dilini bilmək təhsil və iş üçün çox geniş imkanlar açmışdır. 

4. Kaş ki yapon dilini daha çox bilərdim dediyin an olubmu? 

Əlbəttə. Yaponlar ilə ünsiyyətdə, yaxud da hansısa kitabı oxuyarkən, televiziya verilişini izləyərkən. Lakin ən güclüsü təbii ki, imtahanlar zamanı 🙂

5. Yapon dilində hansı səviyyədə olduğun zaman öz-özünə “yapon dilini yaxşı bilirəm” demisən? 

Heç birində. Çünki dil elə bir məvhumdur ki, öyrəndikcə əslində nə qədər az bildiyinin fərqinə varırsan. 

6. Yapon dilində tərcümə ilə məşğul olmaq daha rahatdır yoxsa sadəcə dilin istifadəçisi olmaq? 

Təbii ki, ikincisi. Çünki tərcümə ilə məşğul olmaq artıq profesionallıq tələb edir. Artıq dil maraq olmaqdan çıxıb işinə çevrilir. Bu da daha çox səy göstərməyinə səbəb olur. 

7. Sənə görə sadəcə yapon dili bilməyin dezavantajları nələrdir? 

Müasir dünyada çox sayda dil bilmək artıq gərəkli hal almağa başlayır. Bunun üçün də sadəcə bir dilin bəs etmədiyi zamanlar olur. Məsələn, mən yapon dilini öyrənən zaman öz dilimizdə tədris vəsaiti olmadığından rus və ingilis dilli vəsaitlərdən istifadə edirdim. Bu məni eyni anda bir neçə dili öyrənməyə məcbur edirdi. 

8. Yapon dili bildiyinə görə səndən ən çox nəyi xahiş edirlər? 

“Bir söz de də yaponca” 

9. Yapon dilində olmasını istəmədiyin qaydalar nələrdir? Sənə görə onları öyrənmək dildən bezdirir.

Yapon dili qrammatikasında bezdiyim qayda olmayıb, düzü. Sadəcə bir çoxları var ki, bizim dildə qarşılığı olmadığından anlamaq xeyli vaxt aparır. Amma dərk etdikdən sonra əslində nə qədər lazımlı ola biləcəyinin fərqinə varır insan. 

10. Yapon dilində ən sevdiyin söz, heroqlif hansılardır? 

Sevdiyim söz: İkiqay (生き甲斐 – yaşama səbəbi), sevdiyim heroqlif isə 勇 (yuu – cəsarət)

11. Yapon dilində gözəl səslənən və bizim dildə də olmasını istədiyin sözlər və ya ifadələr varmı? 

Bəli. Yuxarıda qeyd etdiyim söz, eyni zamanda bəzi sözlər var ki, bizim dildə birbaşa sözlə əvəz edilə bilmir. Məsələn: komorebi (ağacların arasından sızan günəş şüası) və s.

12. Yapon dilində danışanda ən çox nəyə fikir verirsən? Düzgün tələffüz etməyə yoxsa düzgün qrammatik danışmağa? 

Hər ikisinə.

13. JLPT sertifikatını almaq vacibdir? JLPT hazırlaşmaq daha sərfəlidir yoxsa sadəcə dili öyrənmək? 

Sertifikat sizin biliklərinizin əyani sübutudur. Bu sizə konkret təhsil və ya iş həyatında lazımlı olacaqdır. Sadəcə dili öyrənərkən siz vaxt amilini nəzərə almaya,  uzun zaman sərf edərək hobbi kimi məşğul ola bilərsiniz. Lakin sertifikat üçün daha məqsədyönlü çalışmaq lazım gələcək. 

14. Yapon dili öyrəndikdən sonra xarakterində, həyata baxışında və ya həyatında nələr dəyişdi? 

Dili öyrənmək eyni zamanda həmin dildə danışan xalqın mədəniyyətini də öyrənməyə kömək olur. Məndə də eyni hal oldu. Daha məsuliyyətli, diqqətli davranmaq vərdişi yarandı. Buna həm də yaponlar ilə işləmək də xeyli təkan verdi. 

15. Yapon dilində ən çox kiminlə danışırsan? 

Hal-hazırda heç kimlə. Bəzən yapon dili öyrənən digər dostlarla.

16. Yapon dilini yaxşı bilmək üçün ən azı nə qədər vaxt lazımdır? 

Qeyd etdiyim kimi, dili öyrənərkən hələ öyrənməli olduğun şeylərin çoxluğu insanı heyrətə salır. Lakin çərçivəyə salsaq, JLPT üzrə ən yüksək nəticə üçün azı 2-3 il fasiləsiz çalışmaq şərtdir deyə düşünürəm. Şəxsə görə dəyişə bilər. 

17. Yaponiyada təhsil və ya iş üçün yapon dilində hansı səviyyədə olmaq vacibdir? 

Bu, işə girəcəyiniz və ya təhsil almağı məqsəd qoyduğunuz müəssisənin tələbindən də asılıdır. Məncə, ən azı sənədlərlə işləyə biləcək səviyyədə olmalısınız. Çünki orada hər yerdə qarşınıza çıxacaqdır. Təhsildə bu dəyişə də bilər. Orta səviyyənin bəs etdiyi yerlər də çoxdur.

18. Yapon dilini digər dillərdən fərqli edən nədir? 

Fərqli edən nüanslar var, lakin bu nüanslar başqa bəzi dillərdə də olduğundan cavab vermək çətindir. Mənə görə bu dilin səslənməsi çox gözəldir.

19. Yapon dilini öyrəndiyinə görə peşman olduğun olubmu? 

Xeyr, heç vaxt.

20. Yapon dili öyrənənlər üçün məsləhətin nədir?

İlk növbədə, davamlılıq şərtdir. Dil öyrənərkən davamlı fasilə verdikdə həm çox vaxt itir, həm də biliklər tez unudulur. Ona görə də davamlı məşğul olmaq lazımdır ki, öyrəndikləriniz sistemli olsun. Daha bir şərt öyrəndiyini praktikada tətbiq etməkdir. Sosial şəbəkələrdə və ya canlı şəkildə yaponlarla birbaşa ünsiyyət qurmaq vacibdir. Danışarkən isə qətiyyən səhv etməkdən qorxmayın. Çünki səhv etməsəniz nəyin düzgün olduğunu bilməyəcəksiniz. Bundan əlavə isə çoxlu səbr, çalışqan və özünə inamlı olmaq lazımdır. Yapon dili öyrənən hər bir şəxsə uğurlar arzulayıram! 


Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloqqer bunu bəyənir: