İstənilən dilə başlarkən həvəslə yanaşı, insanı motivasiyadan salan qorxular da peyda olur ki, bu da öyrənmə prosesinə təsir göstərir. Bəs yapon dili öyrənənlərin qorxuları nələrdir və bu qorxular ilə necə mübarizə aparmaq olar?

1.  Heroqliflərin olduğu mətnləri oxumaq.

Hiraqana və katakana öyrəndikdən sonra bitmək bilməyən macəra başladığını hiss edirsən. Hiraqana və katakana əlifbasını öyrənmək zövqü bitməmiş, yeni əlifbaya başlamaq sanki insanı ruhən yorur. Amma həvəsdən düşməyə ehtiyac yoxdur. Çünki hiraqana və katakana əlifbası heroqlifdən yarandığına görə bir müddət sonra heroqlifləri öyrənmək və mənalarını anlamaq sizə hədsiz dərəcədə zövq verəcək. Heroqlif və birləşmələri çox olduğuna görə çalışın ki, yalnız dildə tez-tez istifadə olunan, yəni baza heroqliflərin yazılışını biləsiniz. Geri qalan heroqliflərin sadəcə oxunuşunu və mənalarını yadda saxlamağa çalışın. Əzbərdən mümkün olduğu qədər qaçın! Çünki bu sizi yoraraq, dildən soyudacaq. Dili öyrəndiyiniz müddətdə istər mətnin içində olsun, istər tapşırığın, onsuzda eyni heroqlifləri görərək daha tez yadda saxlayacaqsınız. Öyrəndiyiniz heroqlifləri unutsanız da olar. Təkrar sizin bilginizi daha dərinləşdirəcək.

2. Yapon dilində danışarkən səhv etmək.

Yapon dilində danışarkən səhv etdiyinizi ya yaponlar başa düşür, ya da müəllimələr. Amma onlar daha çox sizi anlamağa, fikrinizi öyrənməyə yönəldiyinə görə səhv etdiyinizə fikir vermirlər. Əsas məsələ də bundadır! Müəllimələr, yaponlar sizin səhv etməyinizin tərəfdarıdır! Çünki səhv etdiyiniz zaman müəllim və ya yapon sizə nələri öyrətməli olduğunu anlayır, onun üzərində dayanaraq məşq elətdirir. Bu da müəllimlə olan dərsi maraqlı edir, yapon ilə olan söhbəti daha uzun müddətli. Yapon dostunuzu yormaqdan qorxmayın. Yaponlar nəyisə izah etməyi, hələki öz dillərinə aid bir misalı öyrətməyi çox sevirlər, bundanda zövq alırlar. Qaldı ki, yapon dili öyrənənlər ilə eyni masa ətrafında oturub, yapon dilində danışmaqdan utanmayın, onsuzda digər yoldaşlar da sizin səhv etdiyinizin fərqində belə olmurlar. Ya özlərinin quracaqları cümləni fikirləşirlər, ya da daha yaxşı anlamaq üçün mövzuya fokuslanmış olurlar. Unutmayın, onlar da sizin kimi dil öyrənənlərdir! Yapon dili üzrə Nobel mükafatı alıb, digər insanların danışığını qınayacaq şəxs deyillər! Özgüvənli olun, bolca səhv edin. Siz, yapon dilini öyrənən birisiniz və səhv etdiyiniz zaman heç kimin sizi qınamaq haqqı yoxdur. Səhv edin ki, daha çox öyrənə biləsiniz.

3. Yapon dilində danışdıqları zaman anlamadığın hissədən suala tutulmaq.

Yenə yuxarıda olan bölmənin davamı kimi olacaq amma yenə də qeyd edim. Yapon dilində danışıqları dinləyib, bilmədiyiniz sözdən sizə sual verilirsə, çalışın həmin sözün nə məna kəsb etdiyini təkrarən soruşasınız. Yaponiyada bu, diqqətcil olduğunuzu və həqiqətən də söhbətə fokuslanmış olduğunuzun sübutudur. Bu qarşı tərəfdən yüksək qiymətləndirilir, mənanı daha yaxşı başa düşməyiniz üçün yenidən, asan dildə izah edilməyə çalışılır. Rahat olun, suallara məruz qalmaqdan qorxub qaçmayın. Əksinə daha çox suala məruz qalın ki, yapon dilində sərbəst danışmaq qabiliyyətiniz sürətlənsin.

4. Yaxşı bildiyin sözü düzgün tələffüz edə bilməmək.

Çox zaman yapon dilində düzgün tələffüz qaydalarının öyrədilməsi göz ardı edilir. Əslində isə ən vacib nüanslardan biridir. Dili nə qədər mükəmməl bilirsinizsə bilin, sözü düzgün tələffüz edə bilmədiyiniz zaman danışdığınız şəxs ilə arada anlaşılmazlıq baş verə bilər. Çünki yapon dilində eyni səslənən ancaq fərqli mənalar ifadə edən sözlər çoxdur. Düzgün tələffüz cümləni daha yaxşı anlaşılan, aydın edir. Yapon dilinə yeni başlayıb, amma sözləri düzgün tələffüz edirsinizsə bu dildə daha yüksək səviyyədə olduğunuz düşünülür. Tələffüzü necə bilmək olar? Çox sadə. Dinləmə qabiliyyətinizi yüksəldərək. Hər gün yapon dilində nəyəsə qulaq asmağa çalışın. Bu film, musiqi, serial, anime və ya podkast ola bilər. Yetər ki, gün ərzində bir dəfə də olsun yapon dilində nəsə dinləyəsiniz . Dinlədiyiniz zaman sözlərin tələffüzünə diqqət yetirməyi unutmayın.

5. Yapon dilində danışdığın zaman ən sadə, primitiv sözləri yada sala bilməmək.

Bu normal hadisədir. Bu əsla sizin və ya yaddaşınızın günahı deyil. Pedaqogika elmində bu, “səhnə qorxusu” adlanır. Adı bizim dildə gülməli səslənə bilər, ancaq nə edək adı belədir. Məsələ nədən ibarətdir? Kütlə qarşısına çıxdığımız zaman və ya bizi həyəcanlandıracaq bir prosesin içində olduğumuz zaman insan beynində həyəcan refleksləri o qədər güclü olur ki, beyin sinirlərinin daimi yaddaşdan informasiya götürməsini çətinləşdirir. Belə bir vəziyyətdə ana dili yapon dili olan bir şəxs belə, o anda, fikrini çatdırmaq üçün adi sözləri unuda bilər. Belə çətin bir prosesdə beyin yalnız şəxsi həmin narahat edici situasiyadan xilas etməyə fokuslanır. Nə etməli? Əsas sakit olmağa, sözü xatırlamasanız belə panikaya düşməməyə çalışın. Həmin sözü əvəz edə biləcək sözləri işlədin, ya da sözün açıqlamasını yapon dilində deyin. Sakitliyinizi qoruyub, özgüvənli olsanız, hətta bir zamanlar mətndə rastlaşdığınız sözləri xatırlayıb, işlədə bilərsiniz. Beyninizi sözə fokuslandırın, həyəcanı azaltmağa deyil.

6. Nəzakətli və danışıq formasını nə zaman istifadə etməli olduğunu anlamaqda çətinlik çəkmək.

Düzü dil kitablarında, dərsliklərdə niyəsə bu mövzu daha gec öyrədilir. Yəqin ki, müəllimənin özü izah edəcəyi düşünülür. Lakin özü fərdi şəkildə evdə hazırlaşanlar üçün böyük problemdir. Qeyd etməkdə fayda var. Yapon dilinə başladığınız zaman dildə olan nəzakətli formalar haqqında yetəri qədər bilgi əldə etməyə çalışın. Bu sizə qrammatik bilgini daha yaxşı başa düşməyə köməkçi olacaq. Nəzakətli formanı istifadə etməkdə çətinliyə düşməyəcəksiniz.

7. Uzun müddət yapon dili öyrənsən belə özündə heç bir inkişaf görə bilməmək.

Yəqin bu hal, başqa dilləri öyrənənlərin də yaşadığı haldır. Əgər bir dil ilə daimi şəkildə məşğul olursunuzsa, bu mütləq özünü göstərəcək. Dil öyrənmə prosesi qısa müddətli proses deyil. Reklamlara aldanmayın. “İki həftəyə dil öyrəndi“, “yuxudan duranda təmiz yapon dilində danışırdı” və sairə..Əsas məsələ, öyrəndiyiniz dildə öz fikrinizi rahat ifadə edə bilməkdir. Qalan proseduru zamana buraxın, dili öyrənməkdən zövq alın. Siz fərqində olmasanız belə dil bacarığınız inkişaf edir. Beyninizin neqativ düşüncələrdən uzaq tutun, əsas fikrinizi dil bacarığınızı inkişaf etdirməyə yönləndirin.

8. Fellərin formalarını (məsələn: məchul, icbar növ kimi) düzgün çevirməkdə tərəddüd etmək.

Daimi şəkildə məşq! Felləri çevirməkdə və ya anlamaqda problem yaşayırsınızsa, daimi şəkildə cümlə daxilində işlədərək məşq etməyə çalışın. Ən rahat yolu, fellərin siyahısını qarşınıza qoyaraq felləri öyrəndiyiniz formaya çevirməkdir. Diliniz öyrəşdiyi zaman cümlə daxilində işlətməkdə çətinlik çəkməyəcəksiniz. Avtomatik olaraq istifadə edəcəksiniz. Əgər yenə yadınızda qalmasa fellərin istifadə edildiyi nümunə cümlələri yüksək səslə oxuyub, özünüzə təkrar edin. Hətta internetdə misal nümunələrə baxa bilərsiniz.

9. Qrammatika, söz lüğəti və ya heroqlif? Hansına üstünlük verəcəyini anlamamaq.

Dil öyrəndiyiniz zaman bunların hər biri vacibdir. Lakin hər birinə eyni dərəcədə vaxt ayırmaq lazımdır. Bir həftə eləcə heroqlif, üç həftə eləcə söz, iki ay eləcə qrammatika öyrənməyə çalışmayın . Həftə ərzində dil bilginizi qaldıracaq şəkildə hər biri ilə məşğul olun. Məsələn, bir gün ərzində bir saat yapon dili ilə məşğul olmalı olsanız, bir saat ərzində söz öyrənin, qrammatika ilə məşğul olun, heroqliflərin yazılışını məşq edin. “Bir səviyyənin qrammatikasını bitirdikdən sonra sözləri öyrənəcəyəm “, “bir səviyyənin heroqliflərin hamısını bilsəm sözləri daha tez yadda saxlayaram“.. deməyin. Çünki sizi motivasiyadan salmaqla yanaşı, intensiv dil öyrənmək prosesini aşağı salacaq.

10. Yapon dilini öyrənib bitirdikdən sonra heç bir hədəfin olmaması.

Əslində digər dillərdən fərqli olaraq yapon dili bilməyin daha çox üstünlükləri var. “Yaponca biləndən sonra nə edəcəm?” sualını düşünmək yerinə, “Bu gün yapon dilində nə öyrəndim? ”  sualınızın cavabını özünüzə verin. Belə olduğu halda, yapon dilini sərbəst danışmaq ilə yanaşı, dili öyrəndikdən sonra hədəfiniz yaranacaq.  İstənilən şəxs yapon dilini səlis bilirsə, ona həmişə iş imkanları peyda olur. Təbii ki, yapon dilini bilirsinizsə Yaponiyada təqaüdlü proqramlar vasitəsilə oxumağınız daha rahat olur. Əgər bunların heç biri hədəfiniz deyilsə, yapon dilində səviyyə sertifikatına sahib olmağı özünüzə hədəf qoyun. Belə olduğu halda yapon dili öyrənməyi zaman itkisi deyil, yeni dünyaya açılan qapı kimi görəcəksiniz.

11. Yapon dilində danışarkən ana dilimizdə olan ləhçələrdən istifadə etmək.

Bu təkcə bizim dilə aid olan birşey deyil. İstənilən millətdən olan biri yapon dilində danışdığı zaman hansı ölkədən olduğu hiss edilir. Amma Azərbaycan dilini bilənlər üçün yapon dili öyrənmək və sözləri düzgün tələffüz etmək çox rahatdır. Səbəb isə bizim əlifbamızda olan səslərin yapon dilində də olmasıdır. Ona görə əlavə səslər öyrənməyə ehtiyac qalmır. İstənilən şəxs dili öyrəndiyi zaman ana dilinə aid olan bəzi ləhçələr qalır ki, bu da zamanla itib çıxıb gedir. Yapon dilində tez-tez danışıb, dinləmələrdə sözlərin tələffüzünə diqqət yetirsəniz, yaponlar kimi yapon dilində danışa bilərsiniz. Məsləhət: danışığınızı videoya çəkib izləyin. Hər gün bu proseduru təkrar etdiyiniz zaman düzgün tələffüz etmək qaydasını öyrəndiyinizi görəcəksiniz.

Unutmayın, siz, dili öyrənən birisiniz. Yapon dili ana diliniz deyil. Ona görə danışığınızda ləhçə olması problem deyil. Lakin bu sözləri səhv tələffüz etməyinizə bəraət qazandırmır. Danışıqda ləhçə olması başqa bir şeydir, sözü səhv tələffüz etmək ayrı bir şey. Buna görə də maksimum dərəcədə sözləri düzgün tələffüz etməyə diqqət yetirin.

12. Yaponlar ilə yapon dilində danışmaqdan utanmaq.

Yapon dili yaponların ana dili ola bilər, amma sizin yapon dilində danışmağınız onları yapon dili müəlliməsi eləmir. Siz, yapon dilində danışdığınız zaman qarşınızda olan yapon, sizin söhbət yoldaşınız olur. Yəni, hər hansı mövzuda fikirinizi bölüşür, informasiya qəbul edirsiniz. Yaponlarla danışdığınız zaman yaponlar sizin söhbətinizi yarıda kəsərək, qrammatika dərsi keçən deyil. Uzağı, “Burada nə demək istəyirsən?” deyə soruşacaqlar. Bu isə söhbətin elə dadı duzudur. Yaponiya haqqında yeni məlumatlar əldə etməyin ən gözəl yoludur. Söz bazanız nə qədər olursa olsun, yaponlar ilə danışmaqdan utanmayın. Dil öyrəndiyiniz zaman həmin dildə danışmaq utancaqlığı sizi geri sala bilər, nəinki qabağa apara.

13. Özünü tənqidin özünü tərifdən daha çox olması.

İlk öncə qeyd edim ki, yapon dili öyrənməyə başlamaqla ilk cəsarətli addımı atmısınız. Buna görə özünüzü alqışlamağa dəyər. Bundan sonra etməli olduğunuz isə özünüzü sona kimi dəstəkləyib, tərif etməkdir. Özünüzə gündəlik balaca hədəflər qoyun. Məsələn: Bu gün yapon dilində beş söz öyrənəcəyəm. Bu hədəfinizə nail olduqda isə sizdə həm özgüvən formalaşacaq, həm də özünü tənqid etmək itib gedəcək. Təbii ki, beş söz öyrənmək misal kimi qeyd edilib. Siz, hədəfləri özünüz seçə bilərsiniz. Tənqidə yönümlü deyil, dəstək yönümlü olun.

14. Yapon dilində səlis danışmağın, beynəlxalq sertifikata sahib olmağın, Yaponiyada təhsil almağın həyat məsələsinə çevrilməsi.

Əziz, yapon dili öyrənənlər və bu dilə könül vermiş dostlar:

Yapon dili digər dillər kimi adi dildir. Bu dili ilahiləşdirmək, həyatın məqsədinə çevirmək olmaz. Bu dili öyrənmək seçilmiş insanlara verilmir. İstənilən şəxs bu dili öyrənə, sertifikata layiq görülə, Yaponiyaya gedə bilər. Başqalarının nailiyyətləri sizin məğlubiyyətiniz deyil. Hər kəsin bir yolu, özünəməxsus hədəfi və bu yolda göstərdiyi potensialı var. Kimsə kimdənsə çox çalışıb və ya az çalışıb demək olmaz. Heç kimin düşüncəsini dinləmədən öz hədəfinizə fokuslanın. Bu dili öyrənməkdən, Yaponiya mədəniyyətini yaxından tanımaqdan zövq alın. Bu dili sərbəst şəkildə danışmağı öyrənmək alınmasa belə, bu dili öyrənməklə həyatınıza rəng qatmaq şansına nail olubsunuz. Bu əsla sizin həyatınızın ən qaranlıq məqamı, sizin özünüzü bədbəxt hiss etdirəcək proses olmamalıdır. İnanın mənə, bu dilin öyrənmək prosedurundan nə qədər zövq alsanız, o qədər tez zamanda dili sərbəst şəkildə biləcəksiniz.

Gəlin, yapon dilini və mədəniyyətini əylənərək öyrənək! Dil bizim yeni dünyaya açılan pəncərəmizdir. Pəncəyə yaxın durmaq ya da durmamaq sizin seçiminizdir.

Müəllif: Gülşən Cabbarlı


Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloqqer bunu bəyənir: